Görkəmli neft alimi və
karikaturaçı rəssam Kərim Kərimov – 80
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm və texnika xadimi, dünya miqyasında tanınan neftçi-geofizik Kərim Kərimovun anadan olmasının 80 illiyini ölkənin elmi ictimaiyyəti və neftçilər ordusu qədirbilənliklə qeyd edir.
Azərbaycanın
neft geologiyasında yeni istiqamət sayılan geofiziki tədqiqatlar
sahəsində böyük xidmətlər göstərmiş
alim çoxillik səmərəli axtarışları, ciddi
araşdırma və təklifləri ilə ölkənin
karbohidrogen ehtiyatlarının dərindən öyrənilməsini,
neft hasilatının əsaslı surətdə
artırılmasını təmin etməyə nail
olmuşdur. Onun elmi rəhbərliyi və təşkilatçılığı
ilə eksperimental geofiziki axtarışlar üzrə
kiçik elmi qrup keçmiş SSRİ-də və beynəlxalq
aləmdə tanınan elmi mərkəzə, dövlət
müstəqilliyi dövründə isə böyük
elm-istehsalat birliyinə çevrilmişdir.
Kərim
Kərimovun 60 ildən bəri neft geologiyası sahəsində
apardığı elmi işlər, göstərdiyi əməli
səylər ölkəmizdə elmin məhsuldar qüvvəyə,
kapitala çevrilməsinin parlaq nümunələrindən
birinin formalaşmasına xidmət etmişdir. Respublikanın
ictimai-siyasi həyatında da daim fəal iştirak edən
alim ümumi elmi-mədəni yüksəlişə konkret
töhfələr vermişdir.
Karikaturaçı rəssam kimi Kərim müəllim şərin hər hansı təzahürlərini hədəfə almış, insanları sülhə, əmin-amanlığa, xeyir işlərə təşviq etmişdir. Bütün bunlar ölkəmizdə və xaricdə maraq və diqqətlə qarşılanmış, alim-rəssamın zəhmətləri yüksək təltif və mükafatlara layiq görülmüşdür. “Şöhrət” ordenli alimin mənalı ömür yoluna onu yaxından tanıyan soydaşlarımızın gözləri və sözləri ilə nəzər salaq.
Ələsgər Cabbarov, neftçi-jurnalist:
– Kərimi indiki Neft Akademiyasında ötən əsrin 50-ci
illərindən – eyni dövrdə təhsil
aldığımız günlərdən tanıyıram. Təhsil
uğurları ilə yanaşı, o, ali məktəbin ictimai həyatındakı
fəal iştirakı ilə də seçilirdi.
Tələbə və müəllimlər bu
gülərüz, çevik,
ağıllı oğlanı respublika mətbuatında
çıxan karikaturaları ilə, institutdakı bədii tərtibat
işləri ilə yetik-bitik rəssam kimi tanıyır, barmaqla
göstərirdilər. Kərim tələbələrin elmi axtarışlarında da
yüksək səviyyəsi, yeniliklərə meyili
ilə fərqlənirdi.
Ali məktəbdəki uğurları, təşkilatçılıq qabiliyyəti 1957-ci ildə diplom alan neftçi geoloqu təbii axarla respublika gənclər təşkilatında məsul vəzifələrə aparıb çıxardı. Bu sistemdə 3 il çalışandan sonra da irəli getmək, partiya-sovet orqanlarında rəhbər vəzifələrə yüksəlmək perspektivi real olsa da Kərim onu tanıyanların gözlədiklərinin əksinə olaraq, sevib-seçdiyi ixtisas sahəsinə – neft geologiyasına qayıtdı. Bir il Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda baş mühəndis işlədi. 1961-64-cü illərdə Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun aspiranturasını bitirdi, dissertasiya müdafiə edərək geologiya – minerologiya elmləri namizədi adı aldı.
Həmin
illərdə yeni yaradılmış “Elm və Həyat”
jurnalında işlədiyim vaxt keçmiş tələbə
yoldaşım Kərimlə yaradıcı əməkdaşlığımız
möhkəm dostluğa çevrilərək bu günədək
davam edir. 80 yaşın tamamında biz həmyaşıd neft-qaz
mütəxəssisləri, xüsusən,
yaradıcılıq qabiliyyətini müxtəlif sahələrdə
sübuta yetirən neftçilər dünya şöhrətli həmkarımız
Kərim Kərimovun ömür yoluna onunla birlikdə bir daha nəzər
salırıq, dostumuzun qazandığı
uğurlara baxıb öyünürük.
Yarım əsr bundan əvvəl
auditoriyaya tələsən, qoltuğunda karikatura və
qrafik rəsmlər redaksiyalara
üz tutan arıq, bəstəboy
tələbə oğlan ötən illərdə
elm yollarında neçə-neçə
zirvə fəth edib, sənətdə də
ciddi uğurlar
qazanıb.
Qocaman
jurnalistin dediklərinə əlavə edək ki, alim-geoloq
kimi Kərim Kərimov taleyini birdəfəlik neft
geologiyasına bağladı, illər keçdikcə yeni
neft-qaz yataqlarının geofiziki üsullarla kəşfi ilə
bağlı yüzlərlə əsərin müəllifi
oldu. 1965-92-ci illərdə Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutunda
baş elmi işçi, bölmə, laboratoriya və şöbə müdiri vəzifələrində
çalışdı. 1975-ci ildə doktorluq
dissertasiyasını müdafiə etdi. Bu illərdə Kərimin respublika
mətbuatında çıxan çoxsaylı
karikaturaları, aktual mövzularda
yazıları onu narahat
bir alim, yurdsevər
ziyalı kimi geniş
dairələrdə tanıtdı, nüfuzunu
artırıdı.
Azərbaycanın
dövlət müstəqilliyinin ilk vaxtlarında – 1992-ci ilin
oktyabrında Dövlət Neft Şirkətinin tərkibində
Baş Geofizika İdarəsi yarananda kollektivin ümumi
etimadı ilə rəis vəzifəsinə Kərim Kərimov
seçildi. İdarə ulu öndər Heydər Əliyevin
yeni neft strategiyasının tələbləri ilə
bağlı 1994-cü ildə Geofizika və Mühəndis
Geologiyası İstehsalat Birliyinə çevriləndə Kərim
Kərimov novator alim və bacarıqlı təşkilatçı
kimi özünü doğrultduğuna görə bu məsul
quruma baş direktor təyin olundu.
Qısa
müddətdə bu bilikli, duyumlu və cəsarətli geoloq
alimin rəhbərliyi ilə “Əsrin müqaviləsi” və
digər neft müqavilələrinin əhatə etdiyi
yataqların hüdudları, ehtiyatları işlənib
hazırlandı. Kərim Kərimovun bir-birinin ardınca elan
etdiyi rəqəmlərin miqyası nəinki kənardakı əleyhdarlarımızın
qısqanclığına və məyusluğuna səbəb
oldu, hətta daxildə də bəzilərində
inamsızlıqla qarşılandı.
Kərim Kərimov elmi-nəzəri cəhətdən sübuta yetirirdi ki, yataqların neft ehtiyatı 8 milyard tondan, qazın həcmi isə 15 trilyon kubmetrdən az ola bilməz. O, bu qənaətində təkcə rəhbərlik etdiyi kollektivin proqnozlarına deyil, həm də uzun illərdən bəri özünün apardığı elmi işlərin nəticələrinə arxalanırdı.
Elm yollarına Kərim Kərimovla illərdən bəri qoşa addımlamış, dostluq əlaqələri saxlamış akademik Telman Əliyev bildirdi:
– Kərim Kərimov artıq neçə ildir ki, elmlər doktoru və professordur. Milli Elmlər Akademiyasına müxbir
üzv, Şərq Neft
Akademiyasına, Avropa Elmlər
Akademiyasına, Beynəlxalq Ekoenergetika
Akademiyasına, Lütfi-Zadə adına Akademiyaya
həqiqi üzv seçilib.
Müxtəlif ölkələrin neft və
geofizika cəmiyyətlərinin üzvüdür. Amerika Bioqrafiya İnstitutu və
Kembric Universiteti həmyerlimizi
dəfələrlə “İlin adamı” seçmiş, medallarla təltif
etmişdir. O, Azərbaycan Milli
Geofizika Komitəsinin prezidenti,
geofizika yenilikləri jurnalının
yaradıcısı, bir sıra qəzet-jurnalların
redaksiya heyətinin üzvüdür.
Kərim Kərimov Rəssamlar İttifaqının və
Jurnalistlər Birliyinin üzvü
kimi çoxsaylı əsərləri ilə
yaradıcı ziyalılar arasında böyük
nüfuz sahibidir.
Geoloq-rəssamın 4500-dən çox siyasi plakatı və karikaturası çap olunmuşdur, 6
kitabı işıq üzü görmüşdür. Professor
Kərim Kərimov Azərbaycan geofizika elmini bir sıra beynəlxalq
məclislərdə ləyaqətlə təmsil etmişdir.
Öz
sahəsində yeni istiqamət açan alim 19 elmlər namizədi
və doktoru yetişdirmişdir. O, neft
geologiyası sahəsində 550 elmi əsərin,
8 monoqrafiyanın, 20 müəlliflik şəhadətnaməsi
və patentinin (2-si beynəlxalq olmaqla) müəllifidir. Yusif
Məmmədəliyev adına və Sülhü
Müdafiə Komitəsinin mükafatlarını alıb,
çoxsaylı təltifləri var.
Bunların içərisində Prezident
Heydər Əliyevin fərmanı ilə layiq
görüldüyü müstəqil Azərbaycanın
“Şöhrət” ordenini ayrıca qeyd etmək lazımdır.
Geoloq
alim 1974-cü ildən etibarən böyük dərinliklərdə
yatan çöküntülərin quruluş və
neftlilik-qazlılığının geniş miqyası və
məqsədyönlü geoloji-geofiziki tədqiqatları ilə
məşğuldur. Onun elmi işlərində anomal yüksək lay təzyiqinin
və temperaturunun təbiəti barədəki
təsəvvürlər yeni baxımdan nəzərdən
keçirilmiş və inkişaf
etdirilmiş, təzyiq və temperaturun çöküntü
qatının müxtəlif hissələrində
paylanması və yerləşməsi qanunauyğunluqları
və onların neft axtarışı
işlərində istifadə olunması imkanları tədqiq
olunmuşdur. Professor
Kərim Kərimov neft geologiyası elmi tarixində ilk dəfə
olaraq qumlu-gilli
süxurların elektrik xüsusiyyətlərilə
əlaqədar iki geoeffekt
müəyyən etmişdir, effektlərin
hər biri güman
edilən kəşf üçün bildiriş verilmişdir.
Kərim
Kərimovun zəlzələlərin baş verməsinin
qabaqcadan öyrənilməsinə dair yeni metodikası
seysmologiya elmində yenilik kimi dəyərləndirilmişdir.
Azərbaycanın neft-qaz
potensialı fundamental əsəri 8 dildə
çap olunmuşdur.
Kərim müəllim hazırda ARDNŞ-in Geofizika və Geologiya İdarəsində elmi işlər üzrə baş müşavir işləyir. O Azərbaycanın neft-qaz ehtiyatlarının yenidən qiymətləndirilməsi və neft strategiyasının uğurlarının geniş təbliği ilə bağlı fəaliyyətini uğurla davam etdirir.
Sonda akademik Ziyad Səmədzadənin Kərim müəllimin son illərdə yaratdığı karikaturalar barədə fikirlərinə nəzər salaq:
– Kərim Kərimov əsərlərində bəşəriyyət
üçün ən böyük
bəla olan faşizmi,
onun mahiyyətini açmağa
ciddi cəhd edir və
haqlı olaraq erməni terrorizmi
qədər təhlükəli olduğunu
bildirir. Onun bu mövzuya həsr etdiyi əsərlərinə həyəcansız
baxmaq mümkün deyildir.
Rəssam-alim
erməni faşizminin son dərəcə təhlükəli
bir siyasət olduğunu bir daha xatırlatmaqla bütün
sülhsevər qüvvələri daha sıx birləşməyə
çağırır və göstərir ki, beynəlxalq
terrorizmin iqtisadi-maliyyə bazasını təşkil edən
mənbələr erməni terrorizminin də mənbələridir.
Kərim Kərimovun əsərlərindən bu da birmənalı şəkildə
aydın olur ki, heç bir maneə, heç bir qüvvə Azərbaycanın
ədalətli mübarizəsinin qarşısını ala bilməz.
Kərim Kərimov alim və karikaturaçı kimi qəzetimizlə də on illərdən bəri dostluq əlaqələri saxlayır. 80 yaşın tamamında görkəmli alim-rəssama ünvanlanmış çoxsaylı təbriklərə qoşulur, Kərim müəllimə möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 4 iyun.- S. 10.